Dolça
Nedim Hacıahmetoviç | Serbiya
Nedim Hacıahmetoviç (Nedim Hadziahmetovich) 1970-ci ildə o vaxtkı Yuqoslaviya Sosialist Federativ Respublikasının Neqotin şəhərində anadan olub. 1992-1997-ci illərdə Belqrad şəhərində Tətbiqi İncəsənət və Dizayn Universitetində “Heykəltəraşlıq“ ixtisası üzrə ali təhsil alıb.
Sahə üzrə bir sıra beynəlxalq təşkilatların üzvü, 2018-ci ildən Sloveniyada monumental ictimai sənət layihələri həyata keçirən BKBF (Bober Kunst Bildhauer Fabrik) hərəkatının sənət direktoru və qurucusudur. 2024-cü ildən Kosovska Mitrovitsa İncəsənət Universitetinin Heykəltəraşlıq kafedrasının müdiridir.
Nedim Hacıahmetoviç “Baku Steel Art 2025“ simpoziumunda “Dolça“ adlı əsər yaradıb. “Kompozisiyada gövdə həm anatomik, həm də həndəsi xassələrin sintezi olan xətlər və vektorlarla əks olunub. Bu yolla ziddiyyətli görünən həcmlər arasında “qızıl nisbət“ yaradılır və bu, suyun yaddaş potensialı və “Kəpənək effekti“ kimi anlayışlarla birlikdə həyatın gözəlliyini və kövrəkliyini tamaşaçının təfəkkürünə təqdim edir.
Kompozisiyanın həndəsi hissəsində, yəni rəmzi olaraq Kentavrın gövdəsində Azərbaycan keramika ənənəsinə aid formaya malik su qabı təsvir olunur. Bu su qabı rəmzi olaraq həyatın sehrli qığılcımını— yerə və kainata səpələnən enerjini təmsil edir».

