Məhdud məkanda hərəkət
Petre Virgiliu Moqoşanu | Rumıniya
Petre Virgiliu Moqoşanu (Petre Virgiliu Mogosanu) 1976-cı ildə o vaxtkı Rumıniya Sosialist Respublikasının Bals şəhərində anadan olub. 1998-2004-cü illərdə Rumıniyanın paytaxtı Buxarest şəhərində Aqronomik Elmlər və Baytarlıq Universitetinin İqtisadiyyat mühəndisliyi fakültəsində, 2000-2007-ci illərdə Yunanıstanın paytaxtı Afina şəhərində Afina İncəsənət Məktəbində, 2007-2013-cü illərdə İtaliyanın Karrara şəhərində Karrara Təsviri İncəsənət Akademiyasının Heykəltəraşlıq fakültəsində ali təhsil alıb. 2022-ci ildə Rumıniya Milli İncəsənət Universitetində Vizual incəsənət üzrə doktor dərəcəsinə layiq görülüb. 2015-ci ildən Rumıniya Rəssamlar İttifaqının üzvüdür. Hazırda Kraiova Universitetinin Ortodoks teologiyası faküləsinin İncəsənət kafedrasının mühazirəçisi və müəllimidir.
Petre Virgiliu Moqoşanu “Baku Steel Art 2025“ simpoziumunda “Məhdud məkanda hərəkət“ əsərini yaradıb. “Kosmosda olan hər bir cisim hərəkət edir və daimi transformasiya içindədir. Hər bir həcm, ona təsir edən amillərdən və təmasda olduğu cisimlərdən asılı olaraq, sonsuz sayda mümkün hərəkətə və ya istiqamətə malikdir.
Bu kompozisiyada həyatın simvolu olan yumurta formasından istifadə etdim. Bu formanı spiralvari konus şəklində uzadıram. Bu quruluş digər oxşar formalara qoşulduqda həcmlərin, xətlərin və kölgələrin mürəkkəb kəsişməsini yaradır.
Bu forma ilə izləyicini heykəlin həcmlərinin mümkün istiqamətlərini, xətlərin kəsişməsini və sonsuz məkanda əlaqələrin davamlılığını təsəvvür etməyə dəvət edirəm. Beləliklə, kainatın, eləcə də məkanda hərəkət etmək azadlığımızın sonsuz olduğunu xatırladırıq.“

