Dəniz

Arif Əmirov | Azərbaycan

Arif Əmirov 1989-cu ildə Bakı şəhərində anadan olub. 2005-2009-cu illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət İncəsənət Kollecində, 2009-2013-cü illərdə Azərbaycan Rəssamlıq Akademiyasında “Rəngkarlıq“ ixtisası üzrə təhsil alıb. Daha sonra  Almaniyanın Burg Giebichenstein İncəsənət Universitetində 2015-2018-ci illərdə bakalavr, 2019-2021-ci illərdə magistr dərəcəsi üzrə təhsilini davam etdirib. 2021-ci ildən Almaniyada Saksoniya-Anhalt Rəssamlar İttifaqının üzvüdür.

Arif Əmirov “Baku Steel Art 2025“ simpoziumunda “Dəniz“ adlı əsər ərsəyə gətirib. ““Dəniz“ əsərim uşaqlığımın yeniyetməlik illərimin xatirəsi kimi yaddaşımdan doğulub. Bakıda yaşadığım illərdə tez-tez dənizi seyrə dalır, onun dalğalarının ritmi məni valeh edirdi. Dalğaları təkcə mən yox, sahildə toplaşan bütün uşaqlar böyüklər sevirdi. Hər güclü dalğadan sonra qısa bir sükut, bir nəfəslik fasilə olurdu. Bu, bizim üçün işarə idi: suya atılır, dənizin ritminə qarışırdıq. Əgər dalğa kiçik olurdusa, ona doğru üzür, onunla birlikdə yuxarı, zirvəyə qalxır; dalğa böyük güclü olduqda isə altına girir, bir anlıq dərinlikdə qalır, sonra sakitləşmiş səthə qalxır, nəfəs alırdıq.

Bu həyəcanverici hiss — qorxu, heyranlıq və dənizlə bir olma duyğusu — heç vaxt unudulmur. “Dəniz“ - həmin yaddaşı və əbədi ritmi forma vasitəsilə ifadə etmək cəhdimdir.

Əlaqə üçün