Qədim Mehrgarh balığı
Camal Şah | Pakistan
Camal Şah (Jamal Shah) 1956-cı ildə Pakistan İslam Respublikasının Kvetta şəhərində anadan olub. O, təhsilini Pakistanda Lahor Milli İncəsənət Kollecində, Bəlucistan Universitetinin “İngilis ədəbiyyatı“, həmçinin Böyük Britaniyanın London Sleyd İncəsənət Məktəbinin “Təsviri sənət“ ixtisasları üzrə magistr dərəcələri ilə tamamlayıb.
Camal Şah, Pakistanın paytaxtı İslamabad şəhərində Hunerkada Vizual və İfa Sənətləri Kollecinin, eləcə də Pakistan İpək Yolu Mədəniyyət Mərkəzinin təsisçisidir. Onun karyerası heykəltəraşlıq, rəssamlıq, teatr, kino və incəsənət sahələrində idarəetmə vəzifələrini əhatə edir. O, Federal mədəniyyət naziri vəzifəsində çalışıb, beynəlxalq mükafatlar alıb və Pakistanın incəsənətinin və mədəniyyətinin təbliğində böyük işlər görüb.
Camal Şah “Baku Steel Art 2025“ simpoziumunda “Qədim Mehrgarh balığı“ adlı əsər yaradıb. “Su mövzusunu əsas xətt olaraq götürərək, bu əsərim Pakistanın Bəlucistan bölgəsində yerləşən 9,500 il əvvələ aid Mehrgarh sivilizasiyasından ilhamlanıb.
Balıq suda üzür və ya hərəkət edirmiş kimi görünür, kompozisiyada stilizə edilmiş dalğalar yer alır. Bu, formanın, suyun və hərəkətin dinamik əlaqəsini vurğulayır. Eyni zamanda, əsər qədim simvolizmi müasir incəsənət ifadəsi ilə birləşdirərək insanlıq və su arasındakı əbədi bağlılığı özündə əks etdirir.“

