Sükutun axını

Leyla Qabulova | Azərbaycan

Leyla Qabulova 1989-cu ildə Bakı şəhərində anadan olub. 2007-2011-ci illərdə Azərbaycan Tibb Universitetində “Əczaçılıq“ ixtisası üzrə bakalavr, 2012-2013-cü illərdə Böyük Britaniyanın “University College London“ (UCL) ali təhsil ocağında “Dərman kəşfi və əczaçılıq idarəçiliyi“ ixtisası üzrə magistr təhsili alıb. Sonrakı illərdə Moskva şəhərində "British Higher School of Art and Design" və Praqa şəhərində "Hafan Film Studios" proqramlarında iştirak edərək, animasiya və müasir incəsənət sahələrində biliklərini dərinləşdirib. Qabulovanın instalyasiya və konseptual əsərləri XX–XXI Əsr Azərbaycan Rəssamlığı Muzeyi, Artım Qalereyası və Heydər Əliyev Fondunun təşkil etdiyi beynəlxalq sərgilər kimi mühüm incəsənət məkanlarında təqdim olunub.

Leyla QabulovaBaku Steel Art 2025“ simpoziumunda “Sükutun axını“ adlı əsər yaradıb. “Bu abidə paradoksu əks etdirir: su axınını xatırladan metal səthi tamamilə hərəkətsiz görünür. Lakin səthin üzərinə səpələnmiş daşlar metala incə bir nəfəs bəxş edir, həyatın və zamanın sükutla dolu dalğalarını oyadır.

Əsər tamaşaçıya xatırladır ki, həyatın ən incə anları yalnız dayanan, dinləyən və həqiqətən görməyi bacaranların qarşısında açılır. Statik görünənlərin içində belə daim bir ritm, bir axın mövcuddur — sadəcə müşahidəyə açıq olmaq kifayətdir. “Sükutun axını” yalnız bir obyekt deyil; metalda əks olunmuş vizual bir şeir, meditativ bir təcrübədir. O, harmoniyanı kontrastın yoxluğunda deyil, sükutla hərəkətin bir-birinə cavab verən incə səsləşməsində duymağı təklif edir.“

Əlaqə üçün