“Baku Steel Company” QSC Tacikistanın dövlət qurumu ilə Anlaşma Memorandumu imzalayıb
20 may 2024-cü il tarixində Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Olunması Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan-Tacikistan biznes-forumu keçirilib.
Forumun məqsədi Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ikitərəfli iqtisadi və investisiya əməkdaşlığının inkişafı, ticarət-iqtisadi tərəfdaşlığın gücləndirilməsi, işgüzar dairələr arasında əlaqələrin qurulması, əməkdaşlıq və qarşılıqlı investisiyalar üçün yeni istiqamətlərin və imkanların öyrənilməsi, birgə layihələrin həyata keçirilməsi olub.
Biznes-forumu açılış sözü ilə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və Tacikistan Respublikasının Sənaye və yeni texnologiyalar naziri Şerali Kabirov açıblar.
Forum çərçivəsində, Cənubi Qafqazın ən böyük və müasir metallurgiya şirkəti “Baku Steel Company” QSC (BSC) və Tacikistan Respublikasının Sənaye və yeni texnologiyalar nazirliyi yanında “Yeni sənaye texnologiyalarının layihələndirilməsi üzrə Layihə Mərkəzi” Dövlət müəssisəsi arasında qarşılıqlı əməkdaşlıq mövzusunda Anlaşma Memorandumu imzalanıb. Sənədə “Baku Steel Company” QSC-nin Baş Direktoru Kamal İbrahimov və Mərkəzin Direktoru Nekruy Zabirzoda imza atıblar.
Həmçinin BSC-nin nümayəndələrinin də iştirakı ilə hər iki ölkənin şirkətləri arasında bir sıra B2B görüşlər keçirilib və perspektiv əməkdaşlıq imkanları müzakirə olunub.