“Baku Steel Company” QSC Qafqaz regionunda yaradılmış ilk müasir tipli poladəritmə müəssisəsidir. Zavodun rəsmi açılışı 2001-ci il iyunun 21-də Ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə baş tutub.
“Azərbaycanda özəl sektоr sahəsində xarici sərmayə ilə belə bir metallurgiya zavоdunun yaranması Azərbaycan dövlətinin iqtisadi sahədə apardığı ardıcıl siyasətin bariz nümunəsidir”
Heydər Əliyev
Azərbaycanda metallurgiyanın qədim tarixi var, lakin müxtəlif metalların sənaye miqyasında istehsalına XIX əsrin ortalarından başlanıb. Həmin vaxt ölkəmizdə neft istehsalı və emalı ilə bağlı yeni metal emalı zavodları yaranır. Bu zavodlara tələb olunan metal hissələr və avadanlıqlar əsasən xaricdən gətirilir, yalnız az bir hissəsi, daxildə kiçik emalatxanaların əsasında yaradılan maşınqayırma zavodlarında istehsal edilirdi. Sözügedən zavodlardan biri də təməli 1894-cü ildə Avstriya sənayeçisi Levinson tərəfindən qoyulan sexlərin əsasında yaranan neft maşınqayırma zavodu olub. Zavodun poladtökmə, çuquntökmə və əlvan metaltökmə sexləri var idi. Polad, əvvəllər marten sobasında, sonralar elektroqövs sobalarında, çuqun isə Petroşevski əritmə qurğusunda əridilirdi
Sovet hakimiyyəti illərində Azərbaycanda metallurgiya qara və əlvan metallurgiya sənayesinə ayrılıb. Sumqayıt şəhərində 1946-cı ildə inşasına başlanmış və 1952-ci ildə istifadəyə verilmiş Azərbaycan Boru Yayma zavodu (hazırkı “Baku Steel Company” QSC-nin Azərboru İstehsalat sahəsi) o dövrdə Azərbaycan SSR-in ən iri qara metallurgiya müəssisələrindən olub. 1952-ci il dekabrın 31-də yayma dəzgahı “140”-da Azərbaycanın ilk tikişsiz istiyayma borusu alınıb. 1954-cü ildə isə marten sobasında “Azərbaycan poladı” əridilib. Zavodda 60-cı illərdən sonra hərəsi 2 ədəd olmaqla boruyayma və pəstahyayma aqreqatları, eləcə də 6 ədəd poladəridən marten sobası tikilib istismara verilib.
1994-cü ilin 20 sentyabr tarixi isə müstəqil Azərbaycan Respublikasının tarixində iqtisadi və geosiyasi anlamda dönüş nöqtəsi oldu. Bu tarixdə ölkəmizlə dünyanın aparıcı neft-qaz şirkətləri arasında "Əsrin müqaviləsi" imzalandı və milli neft strategiyamızın təməli qoyuldu. Bu minvalla, reallaşdırılan genişmiqyaslı neft-qaz layihələrində polad və ondan alınan məhsullara böyük tələbat yarandı və bu məhsulların respublikada istehsalı zəmanənin tələbinə çevrildi. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yüksəlişə istiqamətlənən iqtisadiyyatımızda bu boşluq aradan qaldırıldı və Qafqaz regionunun ən böyük qara metallurgiya müəssisəsi – “Baku Steel Company” QSC istismara verildi.
Hazırda illik istehsal gücü 800 min ton olan zavod ən müasir avadanlıqlardan istifadə etməklə geniş çeşiddə və beynəlxalq standartların tələblərinə tam cavab verən məhsullar istehsal edir. “Baku Steel Company" QSC-nin məhsulları daxili bazarla yanaşı, ölkə hüdudlarından kənarda da inşaatçılar və müştərilər tərəfindən yüksək qiymətləndirilir. Şirkət, ümumilikdə, Avropa, Asiya, Amerika və Afrikanın 20-dən çox ölkəsinə məhsul ixrac edib.
Azərbaycanın qeyri-neft sektorunda ən böyük vergi ödəyicilərindən olan “Baku Steel Company” QSC Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin öndərliyi ilə ölkədə gedən quruculuq işlərində yaxından iştirak edir. Hazırda əzəli və əbədi torpağımız olan Qarabağın işğaldan azad olunduqdan sonra həyata keçirilən yenidənqurma və bərpa işlərində şirkətimizin məhsullarından fəal şəkildə istifadə olunur. Qarabağın dirçəldilməsinə öz töhfəmizi verməkdən qürur duyuruq.